"Bayer"in baş məşqçisi Xabi Alonso yayda Madrid "Real"ını çalışdıracağı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Alonso ilə Madrid klubunun nümayəndələri arasında artıq ilkin danışıqların aparıldığı xəbərləri yayılıb. Çalışdırıcı ona İspaniya təmsilçisi ilə bağlı verilən suala belə cavab verib:
"Madrid "Real"ı ilə bağlı yayılan söz-söhbətlər bizim üçün heç nə ifadə etmir. Biz mövsümün qalan hissəsinə fokuslanmışıq. Unutmamalıyıq ki, mövsüm hələ başa çatmayıb. Liqada qarşıda hələ beş oyunumuz var və biz bunu yaddan çıxarmamalıyıq.
Gələcək haqda danışmağa ehtiyac yoxdur. Konsentrasiyanı itirmək yaxşı deyil. Bu mövzu indi vacib deyil. Mən fərziyyələr, şayiələr və ya gələcək haqda çox danışmaq istəmirəm. Bu, düzgün hazırlıq üçün yaxşı deyil".
Qeyd edək ki, "Bayer" rəhbərliyi də ispaniyalı mütəxəssisin mövsümün sonunda klubu tərk edə biləcəyini gözləyir. İndiyə qədər "Real"ın Alonsoya marağı ilə bağlı mətbuatda dəfələrlə xəbərlər yer alıb. Lakin bu söz-söhbətlər xüsusilə komandanın Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizədən kənar qalmasından sonra daha da güclənib. Hazırda "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.



