"Sabah" klubu UEFA Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə RFŞ-ni 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün çox çətin oyun oldu. Bizim mövsümdəki ilk rəsmi oyunumuz idi. Yaxşı başladıq. Düzdü, bir az üstünlüyü əldən verdik və rəqib də öz üstünlüyündən istifadə etməyə başladı. RFŞ bizə çətinliklər yaşatdı. Amma şadam ki, biz təzyiqə tab gətirdik və ikinci qolu vurduq, sonda qol buraxmadıq. Qələbə qazandıq. Amma bu, yalnız birinci hissədir ki, başa çatıb. Hələ Bakıda daha 90 dəqiqə var. Biz indi səhvlərimiz üzərində yaxşıca işləməliyik. Qarşıdakı 8 gündə yaxşı əmək sərf etmək lazımdır. Rəqibə bu qədər imkan vermək olmaz. Cavab oyununda daha yaxşı olmağa çalışacağıq.
- Sanki, komanda tam optimal formada deyil..
- Bizim bu mövsüm birinci rəsmi oyunumuz idi. Latviyada çempionat davam edir. Özü də onlar yaxşı formadadır. Biz isə hələ yeni başlayırıq və demək olar ki, birdən-birə bizi "alov"a atdılar(gülür). Şadam ki, uşaqlar tab gətirdi. "Sabah" avrokuboklarda ilk matçında qələbə qazandı. Bu, vacib idi. Amma çox istəyərdim ki, iki oyunun ümumi nəticəsinə görə qələbə bizim olsun. Ona görə bu məsələyə toxunmadım. Bakıdakı oyundan sonra bu haqda danışmaq istəyərdim. Qarşıda görüləcək çox işimiz var.