Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun adı "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Offsideplus.az xəbər verir ki, o, şahmat yarışlarında ən uzun müddətli kişi hakim kimi qeydiyyata alınıb. F.Həsənov 60 il 149 gün ərzində şahmat turnirlərində ədalət prinsiplərini qorumağa çalışıb.
Bununla bağlı "Ginnesin Rekordlar Kitabı"nın rəsmi nümayəndəsi Şeyda Subaşı məlumatların yoxlanıldığını, tələb olunan şərtlərin tam yerinə yetirildiyini bildirib. Səbəbkara rəsmi sertifikat verilib.
Təqdimat F.Həsənovun 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə baş tutub. Yubiley tədbirinə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, eləcə də FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akakiy İaşvili, beşqat dünya çempionu Nona Qaprindaşvili və başqaları qatılıblar.