"İlk olaraq komandamda xüsusilə müdafiə xəttini qeyd etmək istərdim. Yaxşı müdafiə olunduq. Təbii ki, hesab bizi qane edir. Aşdoddakı cavab oyununda sıfırdan başlayacağıq. Çox keyfiyyətli komandaya qarşı oynadıq. Onu da qeyd edim ki, meydançanın vəziyyəti olduqca bərbad idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri “Aşdod”un baş məşqçisi Ran Ben Şimon Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.
- "Qarabağ" yaxşı mənada sizi nə ilə təəccübləndirdi?
- Keçən il "Qarabağ"ın bir neçə oyununu, o cümlədən, "Makkabi" ilə görüşünü izləmişəm. O cümlədən, Avstriya komandasına qarşı matçını da izləmişəm. Bugünkü oyunda "Qarabağ" topla yaxşı davransa da, müdafiə xəttimizi yarmaqda çətinlik çəkdi. Bu da bizim əsas hədəflərimizdən biri idi.
- Cavab oyununda hər iki komanda müxtəlif taktikalarla oynayacaq. Hansı tərəf daha çox risk alacaq?
- Oyunun taleyi cavab oyununda həll olunacaq. Təbii ki, "Qarabağ"ın keyfiyyətini bilirik və cavab matçında da buna uyğun oynayacağıq. Matçın nəticəsini isə Allahdan aslıdır.
- UEFA-nın səfər qolu qaydasını ləğv etdiyi qərarı sizin üçün üstünlük sayıla bilərmi?
- Hər bir dəyişiklik yenilik gətirdiyi kimi, müəyyən şeyləri də aradan götürür. "Qarabağ" 10 nəfərlə qaldıqdan sonra biz hücum etdik ki, bəlkə hesabda önə düşə bilərik. Ümid edirəm ki, cavab oyununda yaxşı nəticə əldə edəcəyik.
- Stadionun ot örtüyü yaxşı vəziyyətdə olsaydı, daha fərqli "Aşdod" görə bilərdikmi?
- Mən əminəm ki, meydançanın bu vəziyyətdə olmasının hər iki komandaya təsiri oldu. Həm də, mövsümün əvvəli olduğu üçün başqa səbəblər də var. Ancaq ümumilikdə, stadionun bu halda olması birbaşa keyfiyyətə təsir etdi.
- Oyundan sonra birbaşa meydançaya futbolçulara tərəf getdiniz. Halbuki, Qurban Qurbanov sizinlə görüşmək üçün gəlirdi. Bu sizdə adətdir?
- Qurban Qurbanovun həm futbolçu, həm də məşqçi karyerasına bələdəm. Onu böyük məşqçi hesab edirəm. Öz oyunçularımıza təşəkkür etmək üçün getdim, ola bilər ki, həmin anda görməmişəm. Mətbuat konfransında onunla görüşməyə çalışacağam. Bakıdakı böyük qonaqpərvərliyə görə təşəkkür edirəm.
- Bu gün "Qarabağ" artıq azad olunmuş torpağı təmsil edirdi. Müharibə dövründə İsrail Azərbaycana dəstək verdi. "Qarabağ" yaxın zamanda Ağdamda futbol oynayacaq. "Aşdod" Ağdamda "Qarabağ"la yoldaşlıq görüşü keçirməyə hazırdırmı?
- Mən idmanı təmsil edirəm və doğulandan bəri sülhün tərəfdarıyam. İstəyərəm ki, "Qarabağ" doğma stadionunda oynasın. Amma idmanla siyasəti qarışdırmağın tərəfdarı deyiləm.