Gənclər arasında intellektual fəaliyyətə marağın artırılması, könüllülük dəyərlərinin təşviqi, məntiqi və analitik düşünmə, eləcə də komanda işi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən “Könüllülərin İntellekt Məktəbi – KİM” layihəsi uğurla yekunlaşıb.

Azərbaycan Respublikası Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə" qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı və Ayan Yusifzadənin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində 50 gəncin iştirakı ilə maarifləndirici və praktiki təlim proqramı təşkil olunub.

Proqram çərçivəsində iştirakçılar üçün ümumilikdə 4 istiqamət üzrə təlimlər keçirilib. Təlimlər intellektual layihələrin hazılması intellektual sualların hazırlanması, intellektual komanda quruculuğu və intellektual oyunlarda sualların tapılması mövzularını əhatə edib.

Təlimlər zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar vasitəsilə məntiqi düşünmə, komanda daxilində əməkdaşlıq, effektiv qərarvermə və intellektual oyunlarda iştirak bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Layihə iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların intellektual potensialının üzə çıxarılmasına, könüllülük fəaliyyətinə marağının artırılmasına və gənclər arasında sağlam intellektual mühitin formalaşdırılmasına töhfə verib.

“Könüllülərin İntellekt Məktəbi” layihəsi gənclərin intellektual inkişafı, könüllülük fəaliyyətinin təşviqi və intellektual oyunlar sahəsində yeni bacarıqlı gənclərin yetişdirilməsi istiqamətində öz töhfəsini verərək uğurla başa çatıb.