Azərbaycanın qədim sənətkarlıq irsinin tanıdılması, milli-mədəni dəyərlərin təbliği və gənclərin ənənəvi sənət növlərinə marağının artırılması məqsədilə həyata keçirilən “ArxivdəSƏN – Azərbaycanın qədim sənətkarlıq irsinin təbliği” layihəsi uğurla yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə" qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı və Ramal Babayevin layihə rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində 25 gəncin iştirakı ilə İsmayıllı rayonuna maarifləndirici səfər təşkil olunub.
Səfər zamanı iştirakçılar bölgənin qədim sənətkarlıq ənənələri ilə yaxından tanış olub, dəmirçilik, misgərlik, papaqçılıq, sərraclıq və digər sənət sahələri haqqında məlumat əldə ediblər.
Proqram çərçivəsində dəmirçilik və misgərlik üzrə praktiki master-klaslar təşkil olunub. Gənclər ustaların rəhbərliyi ilə bu sənət sahələrinin incəliklərini öyrənib, öz əl işlərini hazırlamaq və ənənəvi sənətkarlıq prosesini yaxından təcrübədən keçirmək imkanı qazanıblar.
Layihə iştirakçılara yalnız yeni bilik və bacarıqlar qazandırmaqla kifayətlənməyib, həm də Azərbaycanın zəngin sənətkarlıq irsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini bir daha nümayiş etdirib.
“ArxivdəSƏN” layihəsi milli-mədəni irsin təbliği və gənclərin ənənəvi sənətkarlıq sahələrinə cəlb olunması istiqamətində öz töhfəsini verərək uğurla başa çatıb.


