Misli Premyer Liqasının 13-cü turunda “Neftçi” “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

O, komandasının ilk hissədə oyuna nəzarət etdiyini və çoxsaylı qol epizodları yaratdığını bildirib:

“Oyunçularım necə oynamalı olduqlarını bilirdilər. İlk hissəyə nəzarət etdik. “Zirə”nin epizodlarını xatırlamıram. Bizdə isə çoxlu qol epizodu oldu. İkinci yarı bərabər şəraitdə keçdi. Qələbə qazanmaq istəyirdik. Oyunun sonlarında müdafiədən oynadıq. 85-ci dəqiqədə üçüncü mərkəz müdafiəçisini meydana buraxdım və 5-3-2 taktiki sxeminə keçdik. Rəqibdə Volkov və Ruan da yaxşı oynayır. Bədəlovu buna görə meydana buraxdım”.

“Dominant “Neftçi”ni nə vaxt görəcəyik?” sualını cavablandıran mütəxəssis bunları deyib:

“Mən də bunu çox istərdim. Futbol inkişaf edir. “Sabah”, “Qarabağ”, “Zirə”, “Kəpəz”, “Turan” və “Şamaxı” kimi yaxşı komandalar var. Onlar da dominant olmaq istəyirlər. Bu, həmişə alınmaya bilər. Rəqiblər də qələbə istəyir, biz də.

“Sabah” – “Barselona” oyunundan danışaq: ispanlar 90 dəqiqə dominant oynamadı. “Sabah” çox yaxşı oynadı, mübarizə apardı. Avrokuboklara siz də baxırsınız. “Viktoriya” “Benfika”dan güclüdür? Xeyr. Amma 4:0 hesabı ilə qalib gəldilər (gülür). Komandamızın hər bir üzvünə minnətdaram. Belə davam etsələr, daha gözəl nəticələr olacaq”.

Vernidub Rəşad Sadıqovla mübahisəsi barədə suala da münasibət bildirib:

“Rəşad Sadıqovla mübahisəmi xatırlamıram. Mən mübahisə edən biri deyiləm. Ona qarşı mənfi münasibətim yoxdur”.

Baş məşqçi azarkeşlərə də çağırış edib:

“Bu çağırışı hər gün edirəm. “Forza Neftçi”ni salamlayıram. Ümid edirik ki, hər oyunda azarkeşlərin sayı artacaq. Hər kəs deyir ki, 90 illiyimizdir, bizə dəstək olun. Azarkeşlərə deyirəm ki, siz burada olanda özümüzü daha yaxşı hiss edirik. “Kəpəz”ə baxın, görün necə dəstək göstərirlər. Sanki Avropada bir oyunu izləyirəm. İrəli getməyimiz üçün azarkeşlərdən enerji almalıyıq. Azarkeşlərlə futbol daha gözəldir”.