Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşşenko yetirmələrindən olimpiya çempionları yetişdirmək istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, idmançı və həyat yoldaşı Yana Rudkovskaya "Angels of Plushenko" akademiyasının sahibidir.

"Əlbəttə ki, akademiyamız peşəkar idmanı dəstəkləyir və biz olimpiya çempionları tərbiyə etmək istəyirik. Bu, şəxsi layihədir, öz vəsaitimizdir. Bizdə aztəminatlı, çoxuşaqlı ailələrin övladları, eləcə də ödənişsiz hazırlaşan istedadlı uşaqlar var. Onları tamamilə özümüz maliyyələşdirir və təmin edirik. Bununla fəxr edirəm.

Bunu niyə etdik? Çünki mənim 11 yaşım olanda və Sankt-Peterburqa köçəndə kommunal otaqlarda qalırdıq. O vaxt mənə Anton Sixarulidze və bu yaxınlarda vəfat edən Artur Dmitriyev çox kömək etmişdilər.

Hazırda iki məktəbdə 300-dən çox uşaq məşq edir. Biz ilkin hazırlıqdan başlamışıq. Yanıma uşaqlar gətirirdilər və mən onlarla səhər saat 6-da buza çıxırdım. Uşaqlarla işləyə biləcəyimi, buna ehtiyacım olub-olmadığını yoxlamaq istəyirdim. Dəhşətli dərəcədə çətin idi, səhər 6-dan axşam 6-ya kimi məşq keçirdim. Bütün enerjimi qoyurdum və bunun öhdəsindən gələ bilmirdim. İndi isə balans tapmışam.

Məşqçiyə etibar etmək lazımdır. Mənim istedadlı idmançılarım var, lakin bəzi valideynlər ağlını itirir. Onlara deyirəm: "Gəlin siz mənim yanımda işə düzəlin, mən sizə maaş verim, siz də öz övladınızı məşq etdirin". Hətta bu addımı da atıram. Bu, digər idman növlərində də var. Mənim anam da belə idi. Fiqurlu konkisürməni Mişindən daha yaxşı bilirdi. Lakin o, Aleksey Nikolayeviçə etibar edəndən sonra nəticə gəlməyə başladı".

Qeyd edək ki, Yevgeni Plyuşşenkonun oğlu Aleksandr qarşıdakı 5 ildə Azərbaycanı təmsil edəcək.