Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr bundan sonra beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək.

Offsideplus.az "RIA Novosti"nin yaydığı məlumata istinadən xəbər verir ki, 13 yaşlı idmançıya 5 il müddətinə Azərbaycanın idman vətəndaşlığı verilib.

Atası Yevgeni Plyuşenko bu keçidin tamamilə qaydalar çərçivəsində reallaşdığını vurğulayıb:

"Saşanın 13 yaşı var və o, Rusiya millisinin heyətində yer almayıb. Cari mövsümdə rəsmi yarışlara qatılmadığı üçün tələb olunan karantin müddətini artıq başa vurub. O, heç kimin haqqını tapdalamayıb, sadəcə mənim şəxsi akademiyamda hazırlıq keçib".

Azərbaycan bayrağı altında buz üzərinə çıxmağa hazırlaşan gənc fiqurlu konkisürən özü də bu yeniliyə münasibət bildirərək gələcək planlarından danışıb:

"Azərbaycanın idman vətəndaşlığını 5 illik müddətə qəbul etdim. Əsas hədəfim beynəlxalq turnirlərdə bu ölkəni layiqincə təmsil etmək və yüksək nailiyyətlər qazanmaqdır".