Gənclər və İdman Nazirliyi noyabrın 6-da Bakıda ikinci “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirib.

Offsideplus.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ikinci ildönümünə həsr olunub. 
 
Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və qazilərimizə, onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək idi. Qeyd edək ki, qaçışdan toplanan vəsait Şəhid ailələrinə xeyriyyə üçün sərf ediləcək.
 
Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Paralimpiya çempionu İlham Zəkiyevin “Start!” atəşindən sonra qaçış başlayıb.
 
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürüb, 10 km məsafəni qət edərək eyni məkanda finişə çatıblar. Amma qaydalara əsasən, iştirakçılardan bəziləri yarışı 3 km və ya 5 km məsafələrdə quraşdırılmış finiş xətlərində başa vurublar.
 
Qaçışın nəticələrinə əsasən, 10 km məsafəni ilk qət edən Toğrul Məmmədli (33.14) olub. Elman Abışov (33,15) ikinci, Allahqulu Hüseynov isə (35.16) üçüncü yeri tutub. Qadınlar arasında Anna Yusubova (34,19) birinci çatıb. Yiliya Belkoca (43.03), 2-ci, Rəbiyyə Orucova (44.41) isə 3-cü olub. Fair play mükafatına qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyev (83 yaş) layiq görülüb.
 
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Mariana Vasileva, nazirliyin İdman 
Şöbəsinin müdiri Elnur Məmmədov, Milli Məclisin üzvü Nigar Arpadarai və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Tədbirin qaçış mərhələsi başa çatdıqdan sonra finiş zonasında maraqlı əyləncəli idman proqramı təşkil olunub. Burada urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar iştirakçıların və sakinlərin böyük marağına səbəb olub. Bədii hissədə isə, tanınmış müğənni Çingiz Mustafayevin və DJ-lərin iştirakı ilə konsert proqramı baş tutub. Tanınmış influenserlər Zəhra Bədəlbəyli, Hacı Nuran, Pərvanə Məmmədova, İslam Mehraliyev, Vusalə Hüseynova, Aysel Zahidqızı, Gulya Əliyeva, Rilaya Hüseynzadə, Ulvi Həsənli, Elcan Rəsulov və Zərinə Qurbanova mükafatlandırma mərasimində iştirak edib, müxtəlif proqramlarla çıxış ediblər.