“Çox üzücü məğlubiyyətdir. Amma reallıq var. “Qarabağ” bizdən qat-qat üstündür. Bu komandanın əsas heyətinə qarşı oynamaq hər komanda üçün çətindir. Əsasən də bizim üçün”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Kəpəz" klubunun baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”a 1:7 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, komandasında əzmkarlığın çatışmadığını bildirib: “Uşaqlar nəsə etməyə çalışdı. Amma çalışmaqla bərabər, əzmkarlıq çatışmırdı. “Qarabağ”a qarşı ancaq əzmkar olsan, nəticə qazana bilərsən. Onlarla 1:1 oynayanda, əzmkarlıq göstərmişdik. Bu gün əzmkarlıq, mübarizlik çatışmadı”.
Mütəxəssis matçın gedişində özünün yox, köməkçisinin futbolçulara göstəriş verməsininin səbəbini belə izah edib: “Bizim komanda sonuncu pillədədir. Bu yerdə olan kollektivin nəticələri ürəkaçan olmur. Hər şeyə rəğmən çalışmışam ki, ehtiyat skamyada dayanım. Heç kim görməsin ki, məğlubiyyətə görə əyilirəm. Sadəcə bu gün özümü narahat hiss etdim. Uşaqlara səs tonu lazım idi, mən bacarmadım, Etibar müəllimə həvalə etdim”.
Gəncə klubunun baş məşqçisi ağır məğlubiyyətin ona bərk toxunduğunu vurğulayıb: “Acınacaqlı məğlubiyyətdir. Amma “Qarabağ” hər il başqa komandalarla matçda da böyük hesablı qələbələr qazanıb. Bu gün də bizim üzərimizdə qazandılar. Bu, mənə bərk toxunur”.
A.Məmmədov komandadan mümkün gedişi barədə bunları söyləyib: “Bu gün rəhbərliklə görüşəcəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açıqlanacaq. Getmək barədə düşünmürəm desəm, yalançı olaram. Bəli, düşünürəm”.