"Bilirdik ki, çətin komandaya qarşı oynayırıq. Çempionat yeni başlayıb. "Səbail" son iki oyunda qələbə qazanmışdı. Bu gün qələbə qazanmaq istəyirdik. Bizdən yuxarı pillədə olan komandalara yaxınlaşmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Bu gün rəqib qələbəyə layiq idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 6-cı turunun "Səbail"lə (0:3) matçından sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə üçün nə çatmadı?
- Oyunumuz alınmadı. Təhlil edəcəyik. Çatışmayan cəhətlərimiz var. "Neftçi" ilə oyundakı istəyi son matçlarda görə bilmirik. Problemləri kənardan özüm də sezirəm. Araşdırmalıyıq.
- Məğlubiyyət sizə çox yer elədi, yoxsa istefa şüarları?
- Açığını desəm, "Kəpəz" azarkeşləri həmişə komandanın yüksəklərdə olmasını istəyib. Futbol oynayanda da bu mərhələdən keçmişəm. Zaman dəyişib. Əvvəlki "Kəpəz"lə indiki arasında böyük fərq var. Öz maliyyə imkanımıza görə ən yaxşısını etmməyə çalışırıq. Hər komandada bu vəziyyət olur. Vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu da mənim üzərimə düşür. Çatışmayan cəhətləri düzəltməliyik.
- Qapıçı səhvlərinin komandaya təsiri necə oldu?
- Qapıçı səhvi futbolçulara təsir edir. Bundan sonra oyunçuların özünə gəlmək ehtimalı az olur. Komanda psixoloji cəhətdən bərpa ola bilmir. Bəli, qırılma nöqtəsi ikinci dəqiqədə buraxılan qol idi. Son üç oyunun ilk hissəsində qol buraxırıq. Gəncədə üç məğlubiyyəti biz də istəməzdik. İnanıram ki, komandanı düzəldəcəyik.
- Fasilədən qayıdanda çox məyus görünürdüz. Ümidsiz idiz?
- Hesabda geri olmağımıza görə belə idim. Üç oyundur ki, öz səhvlərimizdən qollar buraxırıq. Məni o düşündürürdü. İlk hissədə uduzandan sonra hər oyunda ümidli olmuşam. Fasilədə uşaqlara ürək-dirək verirəm. Sadəcə hələ alınmır.
- Ötən mövsüm komanda 8-ci turdan sonra özünə gəlməyə başladı. Bu mövsüm də eyni ssenari gözlənilir?
- "Neftçi", "Qarabağ" kimi komandalardan xal almışıq. Niyə də olmasın? Bu uşaqlara çox güvənirəm. İnanıram ki, dəyişiklik olacaq. Qlobal problem yoxdur. Təəssüfləndirici məqam odur ki, üç oyundur evdə uduzuruq. Çox pis vəziyyətdə deyilik. Xallarımızı artıracağıq.