"Kəpəz" klubu Misli Premyer Liqasının 5-ci turunda doğma meydanda "Araz-Naxçıvan"i 1:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun əhəmiyyətini bilirdik. Çempionatda "Araz-Naxçıvan" əsas rəqibimizdir. Bu matç bizim üçün 6 xallıq idi. Təəssüf ki, 6 xalı "Araz-Naxçıvan"a verdik. İki fərqli hissə izlədik. İlk yarıda 5 dəqiqəyə 2 top buraxdıq. Qollar öz səhvlərimizdən oldu. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi. İkinci hissədə futbolçular fərqi aradan qaldırmağa çalışdılar. Hər şeyə rəğmən mövsüm yeni başlayıb. Qarşıda uzun marafon var. İşləmək lazımdır. Hücumda dişsizlik görünür. Çalışacağıq ki, milli fasilədə çatışmazlıqları aradan qaldıraq.
- Bu gün ikinci hissədə bəlkə də mövsümün ən yaxşı oyununu keçirdiniz. Bu fikirlə razısınız?
- Razıyam. "Neftçi" ilə matçda çempionat yeni başlamışdı. Artıq oyunçular bir-birinə uyğunlaşıblar. Getdikcə daha fərqli futbol oynamağa çalışırıq. Gəncədə məğlub olmamalı idik. Heç-heçə pis nəticə olmazdı.
- Mate Kvirkiyanın start heyətində olmamasının səbəbi nə idi?
- "Turan Tovuz"la matçda zədələnmişdi. Uzun müddət idi ki, komanda ilə məşq etmirdi. Onun gücü hələ 45 dəqiqəlik deyil. 30 dəqiqə oynamağı düşünürdük. Hücumda axsama gördük. Buna görə də Mateni meydana buraxdıq.
- Transfer məsələsi nə yerdədir?
- Baxışda iki futbolçu var. İkisi də hücum oyunçusudur. Bəyənsək, müqavilə imzalayacağıq. "Araz-Naxçıvan"la matça hazırlaşırdıq deyə onlara çox da baxa bilmədik.