“Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 4-cü turunun “Neftçi” ilə görüşü haqda (0:1) danışıb.
Offsideplus.az xəbər verir ki, o, transferlərlə bağlı yeniliyin olmadığını söyləyib:
“Bilirdik ki, bizi ağır oyun gözləyir. Rəqib yenilənib, heyətində güclü futbolçular var. İstədiyimiz nəzarəti öz üzərimizə götürmək idi. Oyunçularım ilk hissədə meydançada nəsə etməyə çalışırdı. Biz də hər şeyin ağır olduğunu bilirik. Bu cür davam etsək, sonu uçurum olacaq. Mütləq toparlanmalıyıq. Qarşıdakı günlərdə komanda ilə danışıqların aparılması gözlənilir.
Qapıçı mövqeyi ilə bağlı ətraflı düşünürəm və dəyərləndirirəm. Atanqanaya qədər digər oyunçular səhvlər edir. Rəşad Əzizli bizə qoşulanda zədəli idi. Ona güvəndiyimiz üçün heyətə qatmışıq.
“Qəbələ”də yeni deyiləm. Futbolçu kimi burada oynamışam. Məşqçi kimi də uğur qazanmışam. Hər şey “Qəbələ”nin xeyrinə olacaqsa, gedə bilərəm. Qaçmaq fikrim yoxdur. Toparlanmaq lazımdır. Bəzi epizodlarda futbolçularım bacarıqlı olduqlarını göstərirlər, sadəcə son nöqtəni düz qoymaq lazımdır. Problemləri keyfiyyətlə bağlamazdım. Gedən futbolçular üç il ərzində bir-birinə daha yaxşı öyrəşmişdilər. Ümid edirəm, komanda halında yaxşı olmağa cəhd göstərmək lazımdır.
Əlbəttə, maliyyəmiz dayanıqlı olsaydı, gedən futbolçularla yola davam edərdik. Gedənlərin yerini doldurmaq çətin olur. Ümidsiz deyilik. Çempionatımızın ən çox top buraxan komandasıyıq. Hələ gözləyirik. Transferlərlə bağlı yenilik yoxdur.
Hər bir qərara açığam. “Qəbələ” üçün hər şey yaxşı olarsa, rəhbərlik mənimlə danışıqlara gedə bilər. Komandanın məğlub olmasında Atanqana günahkar deyil. Əvəzedici futbolçularla Premyer Liqada çıxış edən futbolçuları müqayisə etməyək. Bu, futboldur. Enişlər-yoxuşlar olur”.