"Şamaxı" klubu Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:
- Çempionatın sonları yaxınlaşdıqca həyəcan getdikcə artır. Bu matçlarda hər qazanılan xal elitada qalmağımıza çox kömək edəcək. Bizi nə qədər çətin oyun gözlədiyini bilirdik. Təəssüf ki, futbolçular ilk hissədə verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. İkinci hissədə isə yaxşı oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. İnanıram ki, buna nail olacağıq.
- Sanki futbolçular son matçlara yaxşı motivasiya ola bilmir. Bu, nə ilə bağlıdır?
- Hər oyuna köklənməliyik. Futbolçular da bunu dərk edir. Futboldur, tez qol buraxanda toparlanmaq çətin olur.
- Komanda I Diviziona düşsə, necə olacaq? Rəhbərlik hansı məqsəd qoyub qarşınıza?
- 8 aya yaxındır buradayıq. Çox yaxşı işlər görmüşük. Yerli oyunçuların inkişafı göz qabağındadır. 4-5 futbolçumuz var ki, böyük klublardan təklif alıblar. Əsas məqsəd elitada qalmaq və komanda formalaşdırmaqdır. Yaxşı komanda formalaşdırmağı bacarmışıq. İnanıram ki, Premyer Liqada qalacağıq.
- Əli Səmədovun ilk hissədə əvəzlənməsinin səbəbi nə idi?
- Bu, sırf zədə ilə bağlı idi. Əvəzetmədən sonra taktikanı dəyişdik və 2 hücumçu ilə oynamağa başladıq.