"Həmişə Tovuz səfəri çox ağır keçir. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal lazım idi. "Turan Tovuz"un yaxşı müdafiə olunduğunu bilirdik. Bu müdafiəni yarmaq üçün bizə rotasiyalar lazım idi. Qol imkanlarını qola çevirə bilmirdik. Həftə ərzində bunun üzərində işlədik".
Offsideplus.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Bu gün sevincliyik. Futbolçularımı təbrik edirəm. Səbrli olmalıyıq, bu oyunçulara inanmaq lazımdır. Onlar bizim gələcəyimizdir. Hər oyuna motivasiya ilə çıxırlar. "Turan Tovuz"a uğurlar arzulayıram" - deyə o bildirib.
Mütəxəssis qələbə üçün mükafat olacağını söyləyib: "Məbləği bilmirik. Biz pula görə futbol oynamırıq. Bizim üçün ən böyük mükafat ilk qələbəmizdir".
Bu qələbənin komandada arxayınlıq yaratmayacağını vurğulayan V.Əsgərli görüş bitəndən sonra qarışıqlığın yaranması ilə bağlı deyib: "Futbolçular arasında gərginlik oldu. Oyunun sonudur, emosionallıq var. Orda baş verənlər orda da qaldı. Futbolçularla danışılası bir şey yoxdur. Özləri də dedilər-güldülər, barışdılar."
Mütəxəssis Rauf Əliyevin transfer siyahılarında olub-olmadıqları ilə əlaqədar söyləyib: "Tək Rauf yox, çox oyunçular siyahımızda var. Danışıqlar aparırıq. Mövsümün birinci yarısı bitdikdən sonra müzakirə aparacağıq".(qol.az)