"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Zirə” ilə heç-heçədən (1:1) sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis oyunu analiz edəcəklərini, bundan sonra kubok oyununa köklənəcəklərini deyib. O, hakim idarəçiliyi ilə bağlı suala cavab olaraq deyib: “Xahiş edirəm, mənə bu barədə daha sual verməyin. Hörmətsizlik olaraq qəbul etməyin. Bu cür hakimlik barədə mənə sual verməyin”.
R.Qroqorçuk qapıçıları Dmitri Bezotosnının zədələnib meydanı tərk etməsinə də toxunub: “İstənilən oyunçunun zədələnməsi xoşagələn hal deyil. Ancaq bu, hansısa planıma təsir etmədi. Aqil Məmmədov bu gün yaxşı təsir bağışladı. Dmitrinin zədəsi barədə hələ məlumatım yoxdu. Növbəti günlərdə onun durumuna tam aydınlıq gələcək”.
«Hiss olunurdu ki, "Zirə”nin oyunçuları bu qarşılaşmaya çox ciddi hazırlaşıblar. Bəs "Qəbələ”nin futbolçuları nə işlə məşğul olublar?” sualına Qriqorçuk belə cavab verib: "Zirə” “Qəbələ”yə qarşı həmişəki kimi mübarizə apardı. Bizə gəldikdə isə, hiss olunurdu ki, futbolçuların ağlında kubok oyunları var. Ancaq biz çalışırıq ki, həm çempionata, həm də kuboka eyni diqqəti göstərək”.
Cavid Hüseynov və Dabonun oyunu barədə də fikirlərini açıqlayan Qriqorçuk deyib: “Cavid ilboyu sabit oyun sərgiləyə bilməz. Zədə və bir neçə oyunluq cəzalanması onun oyununa, hazırlığına da təsir etdi. İstənilən halda, Cavid bizim üçün vacib oyunçudur”.
"Qəbələ”dən ayrılacağınız deyilir. Bu, oyunçuların motivasiyasına təsir etmir ki?” Bu suala ukraynalı məşqçinin cavabı belə olub: “Bizdə bəzən motivasiya, ehtiras çatışmır. Oyundan öncə də futbolçularımda istədiyim ehtirası görmədim. O ki qaldı kiminsə komandadan ayrılmasının futbolçulara təsirinə, buna inanmıram. Futbolçu meydanda öz oyununu sərgiləməlidi. Onlara tribunada sevdiyi insanlar baxır. Ən azından bunun üçün mübarizə aparmalıdı. Ancaq oyunda bəzi məqamlar da olur ki, bunlar da futbolçuların motivasiyasına təsir edir”.