"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun sözügedən klubdan göndərilən Vaqif Cavadovla bağlı söylədikləri futbolçunu özündən çıxarıb.
Offsideplus.az-ın məlumatına görə, vinger azerisport.com saytına müsahibəsində mütəxəssisə cavab verib:
"O məni AZAL-a tapşırıqla götürməyib. Məni tapşıracaq adam da yoxdur. Restoranlardakı görüşlərimizi nə tez unudub? Arxamda adamım olsaydı, "Keşlə”də qalardım. Məni yalnız ailəm dəstəkləyir. Onunla mətbuat vasitəsi ilə ünsiyyət qurmaq istəmirəm. Heç olmasa, qıldığı namazdan qorxsun. AZAL-da 200 manata oynamağımla bağlı söylənilənlər də yalandı. Ora mövsümün ikinci yarısında getmişdim. Pulsuz oynayıb komandaya bacardığım qədər kömək etdim, həm də formamı qorudum. Adam gərək admlığında qalsın, olanı desin. Ad çəkmək istəmirəm, amma mən başlasam yaxşı olmayacaq. Kimi komandadan götürəndən sonra telefonuna zəng gəldiyini və yenidən həmin futbolçunu niyə oynatdığını özü yaxşı bilir.
Az oynadığıma görə göndərildiyimi deyirsə, yəqin ki, Yuri Maksimov dönəmində onun rəhbərlik etdiyi "Neftçi”ni udmağımızdan narahat olub. Qollardan birini mən vurmuşdum. Ölkə kubokunu qazandıq və bunda mənim də əməyim var idi. Mən öz işimi görəcəm. Əhmədov isə futboldan başqa hər işlə məşğul olur. "Keşlə”də çox qalacağına inanmıram. 29 yaşlı futbolçunu "qoca” adlandırıbsa, 100 kiloqramlıq 32 yaşlı oyunçunu komandada niyə saxlayır?”