Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo Kilian Mbappenin Mao Tszedunla bağlı açıqlamasına görə yaranan qalmaqalda futbolçuya dəstək verib.
Offsideplus.az xəbər verir ki, “Real Madrid”in və Fransa millisinin hücumçusu daha əvvəl dostları ilə ünsiyyətdə tez-tez istifadə etdiyi memin onu Çin lideri Mao Tszedunun obrazında göstərdiyini və bu görüntünün onu güldürdüyünü bildirib.
Bu açıqlamadan sonra bir neçə Çin şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb, Çin dövlət televiziyası isə La Liqa oyunlarının yayımını müvəqqəti olaraq dayandırıb. Mbappe və “Real Madrid” üzr istəsələr də, qalmaqal səngiməyib.
Filip Diallo məsələ ilə bağlı bunları deyib: “Bu müzakirənin bir qədər şişirdildiyini düşünürəm. Kilianın Çin rəhbərinin nüfuzuna zərər vurmaq və ya Çin xalqını təhqir etmək niyyəti olmayıb. Ümid edirəm ki, bu müzakirə çox uzanmaz”.


