Azərbaycanın tanınmış basketbol hakimi Ələkbər Həsənov “LANDAU Lions”un “Denizli Basket” üzərindəki qələbəsini dəyərləndirib, “Gəncə”nin bu gün FIBA Avropa Kuboku çərçivəsində “Sportinq”ə qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.
Offsideplus.az AzB.az-a istinadən xəbər verir ki, Ələkbər Həsənov “LANDAU Lions”un əlavə vaxtda qazandığı qələbəni şərh edərkən komandanın üçüncü perioddan sonra yol verdiyi səhvlərə diqqət çəkib. O, Ceyms Freyzerin son perioddakı çıxışını xüsusi vurğulayıb:
“Əlbəttə, oyundan əvvəl ‘LANDAU Lions’un yaxşı və ləyaqətli mübarizə aparacağına ümid edirdim. Lakin üçüncü perioddan sonra komandanın ardıcıl səhvlərə yol verməsi ümidlərimi azaltdı. Dördüncü periodun sonunda Ceyms Freyzerin möhtəşəm performansı sayəsində ‘LANDAU Lions’ oyunu əlavə vaxta daşıdı. Nəticədə qələbə qazandı və bütün izləyicilərə əla, rəngarəng basketbol nümayiş etdirdi”.
Təcrübəli hakim bu gün saat 19:00-da Gəncə İdman Sarayında keçiriləcək “Gəncə” – “Sportinq” qarşılaşması ilə bağlı da fikirlərini bölüşüb. O, Gəncə təmsilçisini uğursuz seriyaya son qoymağa və azarkeşlərini sevindirməyə çağırıb:
“‘Gəncə’ bu gün bütün gücünü ortaya qoymalıdır. Qələbə qazana bilməyən komanda artıq bu uğursuz seriyaya son qoymalıdır. ‘Gəncə’ azarkeşlərinə və bütün basketbolsevərlərə qələbə sevinci yaşatmaq üçün əlindən gələni etməlidir. Çünki bizə qələbə yaraşır! Komandaya uğurlar arzulayıram!”


