"Mayami Hit" baş məşqçisi Erik Spolstra komandasının "Atlanta" üzərində 129:117 hesablı qələbəsindən sonra açıqlama verib. Bu nəticə Florida təmsilçisinin NBA-nin cari mövsümündə ardıcıl dörd məğlubiyyətdən sonra ilk uğuru olub.

Offsideplus.az xəbər verir ki, Spolstra komandasının çətinliklərin öhdəsindən layiqincə gəldiyini bildirib: "Biz çətinlikləri düzgün şəkildə aşmağı bacardıq. Məğlubiyyətlərdən sonra heç kim ruhdan düşmədi. Mövsümə belə başlamağımız hamımızı məyus etmişdi. Bu bir qələbə bizim üçün hədəfin sonu deyil. Aydındır ki, daha böyük məqsədlərimiz var. Bu liqada belə hallar olur və əsas məsələ döyüş ruhunu itirməməkdir. Mən komandada belə bir hal hiss etmədim. Son günlər hamı bir məqsəd ətrafında birləşib, daha yaxşı olmaq üçün həll yolları axtarırdı. Düşünürəm ki, bu keyfiyyət uzun mövsüm ərzində bizə fayda verəcək."