Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026 Dünya Çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzduqları oyunda taktiki səhvə yol verdiyini etiraf edib.

Offsideplus.az xəbər verir ki, Ançelotti ikinci hissədə su fasiləsindən sonra komandanın quruluşunu dəyişdiyini və bunun nəticəsində oyuna nəzarəti itirdiklərini bildirib. "Bu, mənim özümə tənqidimdir. Su fasiləsinədək meydanda yaxşı yerləşmişdik. Penalti şansımız oldu, Endrikin də epizodu vardı. Fasilədən sonra dəyişiklik etdim və oyuna nəzarəti itirdik. Bu, mənim səhvimdir" – deyə Ançelotti vurğulayıb.

O, ikinci hissədə Neymarın meydana daxil olmasından sonra Endrikin cinaha keçdiyini, Rayanın ehtiyat oyunçular skamyasına yollandığını, Martinellinin və Mateus Kunyanın da meydanı tərk etdiyini xatırladıb. "Nə isə dəyişdi. Cinahlarda nəzarəti bir qədər itirdik. Neymar meydana çıxanda oyuna nəzarəti qaytarmaq barədə düşünürdüm. Daha keyfiyyətli hücumçular əlavə edib oyunu qazanmaq istəyirdim. Bu, qərarın bir hissəsidir. Pley-off oyununda qərar vermək lazımdır. Bəzən qərarlar nəticə ilə özünü doğruldur, bəzən isə yox" – deyə Ançelotti əlavə edib.

Baş məşqçi Braziliyanın Norveçdən az topa sahib olmasına görə tənqid olunduğunu da qeyd edib: "Futbolçularımız belə oyuna uyğun deyil. Vinisiusla vertikal oynamaq lazımdır".