PFL Nyu-York turnirində çıxış edəcək yüngül çəkidə çempion Usman Nurmaqomedov özünü Bellator və PFL tarixinin ən yaxşı çempionu hesab etdiyini bildirib. Döyüşçü bu barədə turnir öncəsi keçirilən mətbuat konfransında danışıb.

Offsideplus.az xəbər verir ki, Usman Nurmaqomedov bu həftə Archie Colgan ilə qarşılaşacaq. Bu döyüş Dağıstanlı idmançının hazırkı müqaviləsi çərçivəsində sonuncu qarşılaşması olacaq. Xabib Nurmaqomedovun qohumu olan Usman ailəsinin döyüş idmanları tarixində ən güclü soyad olduğunu düşünür: "Mənim fikrimcə, artıq bu belədir. Ən güclü və ən böyük çempion ailəsiyik". O, həmçinin ailənin digər üzvləri – UFC bantam çəki dərəcəsində titul iddiaçısı Umar Nurmaqomedov və UFC çempionu İslam Maxaçev ilə birlikdə ümumilikdə 70-1, 1NC nəticəyə sahib olduqlarını vurğulayıb.

Usman Nurmaqomedov ailədə ən güclü döyüşçünün kim olduğunu soruşduqda "Xabib" cavabını verib. O, Xabib Nurmaqomedovun 29-0 nəticəsini təkrarlamağın mümkün olduğunu da qeyd edib: "Əgər inanırsansa, hər şey mümkündür". Usman əlavə edib ki, irs çox önəmlidir, lakin qəfəsdə nə baş verəcəyini heç vaxt bilmək olmur: "Bizim irsimiz artıq formalaşıb, indi sadəcə bu irsə yeni qələbələr əlavə edirik. Əgər Nurmaqomedov soyadından danışırıqsa, Xabib artıq hər şeyi edib".

Rəqibi Archie Colgan barədə danışan Usman Nurmaqomedov onun beş raundlu titul döyüşü üçün kifayət qədər təcrübəyə malik olmadığını bildirib: "Məncə, hələ lazım olan təcrübəsi yoxdur. Bir neçə döyüş keçirməlidir ki, özünü yoxlasın. Amma vəziyyət belədir. İndi 13-0 ilə 21-0 qarşılaşacaq. Nə baş verəcəyini görəcəyik".