Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Neftçi" və "Zirə" klublarının növbəti mərhələdəki rəqibləri dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, komandalarımızın Avropa Liqası və Konfrans Liqasındakı rəqibləri 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra müəyyənləşib.
"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq
Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu hər iki oyunda eyni hesabla (3:0, 3:0) məğlub edən "Qarabağ"ın 2-ci mərhələdəki rəqibi Bolqarıstanın "ÇSKA" klubu olub. Sofiya təmsilçisi ilk mərhələdə İrlandiyanın "Derrİ Siti" komandasını iki oyunun nəticəsinə əsasən (3:2, 2:1) mübarizədən kənarlaşdırıb.
"Neftçi" mübarizəyə Belarus klubu ilə başlayır
Konfrans Liqasındakı çıxışına birbaşa 2-ci təsnifat mərhələsindən start verəcək "Neftçi"nin rəqibi isə Belarusun "Dinamo" (Minsk) klubu olub. Belarus təmsilçisi 1-ci mərhələdə Şimali Makedoniyanın "Sileks" komandası ilə qarşılaşmalarda (0:1, 1:0) bərabərliyi poza bilməsələr də, penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.
"Zirə" Estoniya səfərinə yollanacaq
Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubunu iki matçın cəmində darmadağın edən (3:0, 3:0) "Zirə"nin rəqibi də məlum olub. "Qartallar" 2-ci mərhələdə Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. Estoniyalılar Litvanın "Heqelmann" komandası ilə ilk matçda 1:1 etsələr də, cavab oyununda 3:0 hesablı qalibiyyətlə mərhələ adlayıblar.


