Həbib Nurməhəmmədov məşqçiliyi buraxmaq istədiyi zamanı açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Həbibin məşqçiliyi buraxmaqla bağlı fikri "UFC" kanalına verdiyi açıqlamada əksini tapıb.
O, atasının COVID-19 səbəbindən vəfatından sonra, 2020-ci ildə 32 yaşında təqaüdə çıxıb. Bundan sonra Həbib Nurməhəmmədov məşqçiliyə keçərək komanda yoldaşlarına və qohumlarına müxtəlif promosiya turnirlərində çempionluqlar qazandırıb.
Həbib Nurməhəmmədov açıqlayıb ki, onun məşqçiliyi tərk etməyi planlaşdırdığı vaxt komanda yoldaşlarının karyeralarını başa vurması ilə üst-üstə düşəcək. 25 döyüşçü ilə birlikdə işlədiyini söyləyən Həbib Nurməhəmmədov onların böyük hissəsinin çempion olma potensialına sahib olduğunu bildirib.
Bütün döyüşçülər təqaüdə çıxandan sonra isə o, idmandan sakit şəkildə ayrılacağını deyib: “Bu uşaqlar işi bitirəndə, mən də bitirəcəm. Ümid edirəm ki, bu, tez bir zamanda olacaq. Çünki hər şeydən yorulmuşam. Artıq yeddi-səkkiz ildir bu işin zirvəsindəyik. Komandanın rekordlarına baxa bilərsiniz, demək olar ki, uduzmamışıq. Söhbət təxminən 25 döyüşçüdən gedir. Dünyanın hər yerində döyüşürük. Çoxlu kəmərlərimiz var, bir çox təşkilatlarda çempionlarımız var. Bütün bunlar qurban verməklə baş verib. Bütün bu uşaqlar mənimlə birlikdə idi, atamla birlikdə mənim başlanğıcımdan bəri… Altı, yeddi, səkkiz çox yüksək səviyyəli döyüşçü var. Onlar işi bitirəndən sonra mən də bitirəcəm”.