Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) son vaxtlar gündəmdə olan hakim qərarları ilə bağlı geniş açıqlama yayıb.

Offsideplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya fəaliyyətini UEFA və FIFA standartlarına, eləcə də şəffaflıq və ədalətli oyun prinsiplərinə uyğun qurduğunu bəyan edib. Bildirilib ki, Hakimlər Komitəsi və Departamentindəki islahatlar məhz bu məqsədlərə xidmət edir.

Klubların mövsüm ərzində mübahisəli VAR epizodlarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək imkanı olduğu xatırladılıb.

"Neftçi" klubunun son etirazlarına cavab olaraq, AFFA spekulyasiyaların qarşısını almaq üçün klub rəsmilərini federasiyaya dəvət edib. Hakimlər Komitəsi klubun təqdim edəcəyi bütün mübahisəli məqamları obyektiv şəkildə təhlil etməyə hazır olduğunu bildirib.

Federasiya bütün klubları birtərəfli və emosional bəyanatlardan çəkinməyə, problemləri institusional dialoq yolu ilə həll etməyə və qarşılıqlı hörmət prinsiplərini qorumağa çağırıb.