Azərbaycanın adını UFC-də (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) layiqincə təmsil edən Rafael Fiziyev növbəti sınağına martın 9-da çıxacaq. Offsideplus.az saytı ABŞ təmsilçisi Castin Qeycə qarşı UFC313 yarışında keçirəcəyi döyüş ərəfəsində həmvətənimizi oxucularımıza daha yaxından tanıtmaq istəyir.
Tailandda uğursuz cəhd
Rafael Salman oğlu Fiziyev 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Onun atası milliyətcə azərbaycanlı, anası isə rusdur. Kiçik yaşlarında ailəsi ilə birgə Qırğızıstana köçüb. Atasının təşəbbüsü ilə məktəb illərində muay-tayla məşğul olmağa başlayıb. Sonrakı illərdə Rafael döyüş sambosu, boks, cui-citsu, güləş növlərində də özünü sınayıb.
Yetkinlik yaşına çatdıqdan sonra ustalığını artırmaq üçün Tailanda köçür. Lakin maddi çətinliklər ucbatından çox keçməmiş Qırğızıstana qayıtmaq lazım gəlir. Bu zaman gənc idmançı özünə yeni peşə seçir. Qırğızıstan Daxili İşlər Nazirliyinin məktəbinə daxil olan Rafael atası kimi polis olmaq istəyir. Lakin bu sevda uzun çəkmir. Tezliklə hüquq-mühafizə sistemindən təxris olaraq, bütün fikrini peşəkar idmana yönəldir.
Qeyri-adi bacarıq
Fiziyev qarışıq döyüş növlərində 2015-ci ildən çıxış etməyə başlayıb. Rafaelə ən çox məşhurluq gətirən hadisə isə 2017-ci ildə yaşanıb. Belə ki, o, Tailandda təşkil olunan turnirdə rəqibi Sorqo Petyindi ilə döyüşdə zərbədən yayınarkən, arxaya 90 dərəcə bucaq altında əyilib. Rafael bu hərəkəti ilə məşhur “Matritsa” fantastik filminin qəhrəmanını xatırladıb. Görüşü uduzmağına baxmayaraq, gənc idmançının qeyri-adi bacarığını əks etdirən video qısa zamanda sosial mediada viral olub. Hətta UFC-nin prezidenti Dana Uayt da hələ o vaxt bir o qədər də tanınmayan Rafaelin videosunu öz səhifəsində yerləşdirib.
“Damarlarımda Azərbaycan qanı axır”
Karyerasının ilk illərində W.I.N FC, Boroda FC, Primal FC, Road FC və Titan FC turnirlərində qüvvəsini sınayan Fiziyev 2019-cu ildə qərarını verir: yalnız UFC yarışları! Bu minvalla Rafael indiyədək bu çempionatda çıxış edir. O, 2021-ci ildə Qırğızıstanı təmsil etsə də, daha sonra baş verən xoşgəlməz hadisələrə görə uşaqlıq və yeniyetməlik dövrünü keçdiyi ölkə ilə vidalaşır. O, həmin vaxtdan etibarən oktaqonda Azərbaycan bayrağını dalğalandırır.
“Mənim damarlarımda Azərbaycan qanı axır. UFC-də Azərbaycan bayrağı altında çıxış etdiyimə görə qürur hiss keçirirəm” – Rafael Fiziyev belə demişdi.
"Ataman"ın bəxtsizliyi
Hazırda Tailandda yaşayan və məşqçilik fəaliyyəti göstərən Fiziyev qarışıq döyüş növləri üzrə peşəkar rinqdə yüngül çəki dərəcəsində 15 dəfə gücünü sınayıb. Bunlardan 12-də qalib gəlib, 3 dəfə məğlubiyyətlə üzləşib. Oktaqona çıxarkən milli papağımızı geyinən idmançının ləqəbi “Ataman”dır. O, UFC-də 3 dəfə “Gecənin çıxışı”, 3 dəfə isə “Gecənin döyüşü” mükafatına layiq görülüb.
Təəssüf ki, həmvətənimizin UFC-də son 2 döyüşü uğursuz nəticələnib. Hərçənd o, 2023-cü ilin martında ABŞ təmsilçisi Castin Qeyci ilə mübarizədə yaxşı təsir bağışlasa da, hakimlərin qərarı ilə məğlub olub. Bundan altı ay sonra oktaqona qayıdan Rafael bu dəfə bəxtsizliklə üzləşib. Polşalı Mateuş Qamrotla döyüşün 2-ci raundunda diz nahiyəsindən ciddi zədə alan idmançımız görüşü davam etdirə bilməyib.
Qisas qiyamətə qalmaz!
Və budur! 17 aylıq fasilə başa çatır! UFC-də yüngül çəki dərəcəsi üzrə reytinqdə 11-ci sırada qərarlaşan Fiziyev oktaqona qayıdır! Azərbaycanlı döyüşçünün əlinə Castin Qeycidən qisas almaq üçün əla şans düşüb. Bu prinsipial görüş UFC313 turnirinin əsas kardı çərçivəsində martın 9-da ABŞ-ın Las-Veqas şəhərindəki “T-Mobile Arena”da baş tutacaq. Döyüş Bakı vaxtı ilə səhər saat 7-də başlanacaq.
Bizə Azərbaycanın adını şərəflə yüksəltməyə çalışan Rafael Fiziyevə yalnız və yalnız uğurlar arzulamaq qalır! Necə deyərlər, martın 9-da yumruqlarımızı sənin üçün sıxacağıq!
Rafael Fiziyev
05.03.1993
Boyu: 173 sm
Çəkisi: 70 kq
MMA-dakı döyüşləri: 12 qələbə, 3 məğlubiyyət
18.07.2015 Sem Bestin (Avstraliya) – 1:0 (nokaut)
10.10.2016 Gündüz Nəbiyev (Azərbycan) – 2:0 (boğucu fənd)
24.03.2017 Suraj Bahadur (Hindistan) – 3:0 (nokaut)
10.06.2017 Son Yon Kim (Cənubi Koreya) – 4:0 (nokaut)
23.12.2017 Nardin Erdene Munquntsuj (Monqolustan) – 5:0 (nokaut)
21.12.2018 Nurjan Tutkayev(Qazaxıstan) – 6:0 (nokaut)
20.04.2019 Maqomed Mustafayev (Rusiya) – 6:1 (nokaut)
26.10.2019 Aleks Uayt (ABŞ) – 7:1 (hakimlərin yekdil qərarı)
18.07.2020 Mark Diakezi (İngiltərə) – 8:1 (hakimlərin yekdil qərarı)
12.12.2020 Renatu Moykanu (Braziliya) – 9:1 (nokaut)
0808.2021 Bobbi Qrin (ABŞ) – 10:1 (hakimlərin yekdil qərarı)
04.12.2021 Bred Riddel (Avstraliya) – 11:1 (nokaut)
09.07.2022 Rafael Dos Anyos (Braziliya) – 12:1 (nokaut)
18.03.2023 Castin Qeyci (ABŞ) – 12:2 (hakimlərin üstün qərarı)
23.09.2023 Mateuş Qamrot (Polşa) – 12:3 (texniki nokaut, dizin zədələnməsi)