3 gün əvvəl İtaliyanın məşhur məşqçilərindən olan Fabio Kapellonun noyabrda Bakıya gələcəyi müəyyənləşdi.
Offsideplus.az xəbər verir ki, apreldə məşqçilik karyerası ilə birdəfəlik vidalaşan 77 yaşlı mütəxəssis bunu sosial şəbəkə hesabında bəyan etdi. "Milan", "Real", "Roma", "Yuventus" kimi klubları, İngiltərə, Rusiya kimi milli komandaları çalışdırmış Kapellonu bura gətirən isə İran azərbaycanlısı olan Reza İbrahimidir.
Hazırda futzal çempionatında çıxış edən "Rekord" klubuna rəhbərlik edən Rza İbrahimidən (Reza Ebrahimi) bununla bağlı Prosport.az saytına müsahibə verib.
– Fabio Kapello Azərbaycana gələcək. Onun gəlişində sizin rolunuz var?
– Bəli. Avqustun 20-də onunla Azərbaycanda seminarının təşkil olunması ilə bağlı müqavilə bağlamışam.
– Onun səfər proqramı necə olacaq?
– Noyabrın 21-i axşam saat 10-da Bakıda olacaq. Ayın 22-də gənclər və idman naziri Fərid Qayıbovun və AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcək, Şəhidlər Xiyabanını ziyarət edəcək. Noyabrın 23-də məşqçilər üçün seminar keçiriləcək. Ayın 24-də isə futbol akademiyaları üçün 2-ci seminar təşkil olunacaq. 25-i səhər isə İtaliyaya qayıdacaq.
– Onun gəlişi sizin maliyyə xərclərinizlə qarşılanacaq?
– Bəli, bəli.
– Bəs seminarlar harda keçiriləcək?
– "Pullman" hotelində. Oranın 5025 nəfərlik konfrans zalı var.
– Seminar yəqin ki pullu olacaq. İştirak etmək istəyən adamın qeydiyyatı neçəyə başa gələcək?
– Hər seminarın qeydiyyatı üçün qiymət 100 manatdır. Bugündən etibarən qeydiyyat başlayır. Xarici ölkələrdən isə 200 nəfər iştirakçı gələcək...
– Bilet elanı verməmisinizsə, onlar bunu necə əldə ediblər?
– İranda daha öncə bunu reklam etmişik.
– Nə əcəb bunu İranda yox, Azərbaycanda keçirmək qərarı verdiniz?
– Çünki neçə ildir ki, burada klubum var, burada yaşayıram.