Avro-2020 başa çatan kimi diqqətlər avrokubok matçlarına yönələcək.
2021-22 mövsümündə ölkəmizi adəti üzrə 4 komanda təmsil edəcək: "Neftçi", "Qarabağ", "Sumqayıt" və "Keşlə".
İndiki məqamda futbolsevərləri düşündürən əsas sual komandalarımızın Bakıdakı oyunları zamanı azarkeşlərin stadionlara buraxılıb-buraxılmayacağıdır. Avro-2020-nin paytaxtımızdakı görüşlərində Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizi qədər azarkeşin girişinə icazə verilsə də, avrokuboklarla bağlı yenilik yoxdur. Halbuki Avropanın demək olar bütün ölkələrində koronavirusla bağlı məlum qadağa aradan qaldırılıb.
Oyunların növbəti dəfə boş tribunalar qarşısında oynanılması isə təmsilçilərimizə ciddi zərbə olacaq.
Məlumdur, məsələ ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah (OQ) verir. Lakin ölkə futboluna cavabdehlik daşıyan qurum olan AFFA-nın bu işə əl qoyması olduqca vacibdir. OQ-da təmsil olunanların işləri başından aşır, bəlkə də futbol yadlarına düşmür. Ona görə də assosiasiya rəhbərliyi məsələni gündəmə gətirməli, OQ-dan müsbət cavab almaq üçün əlindən gələni etməlidir. Heç olmasa, stadionların ümumi azarkeş tutumunun yarısı qədər icazə verilsin.
Məsələ ilə bağlı durumun nə yerdə olduğunu öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik. Qurum rəsmisi Offsideplus.az-a açıqlamasında sevindirici xəbər verməkdə çətinlik çəkdi: "Narahatlıq başadüşüləndir. Lakin bununla bağlı qərarı AFFA yox, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Ona görə də dəqiq söz deməkdə çətinlik çəkirəm. Avro-2020? Avropa çempionatı ilə bağlı məsələ UEFA, yerli Təşkilat Komitəsi və AFFA ilə ümumi müzakirəyə çıxarılmışdı. Yalnız bundan sonra dövlət səviyyəsində stadiona məhdud sayda azarkeşlərin buraxılmasına icazə verildi.
AFFA avrokubok mövsümü ilə bağlı nə edir? İndiki halda verə biləcəyim məlumatları sizə verdim. Əlavə edə biləcəyim heç nə yoxdur".
Qeyd edək ki, avrokubok mövsümündə Bakıdakı ilk oyun iyulun 14-də "Neftçi" ilə "Dinamo" (Tbilisi) arasında oynanılacaq. Lakin azarkeş-tribuna mövzusu ilə bağlı hər hansı yenilik yoxdur.