Azərbaycan və Özbəkistan futbol üzrə dünya çempionatını birgə təşkil etmək üçün FIFA-ya müraciət edəcək.
Offsideplus.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatları zamanı deyib.
"Azərbaycanın minifutbol üzrə yığmasını bir daha təbrik edirəm. Onlar dünya çempionu oldular. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik.
“Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq.
Qeyd etmək istəyirəm ki, danışıqlarımızdan, nailiyyətlərimizdən, birgə işlərimizlə bağlı bütün məsələlər üzrə perspektivli qərarlarımızdan çox məmnunam. Əziz qardaşım İlham Heydər oğluna belə məzmunlu, dostcasına və qarşılıqlı faydalı əməkdaşlığa görə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz nitqində Azərbaycan və Özbəkistanın hansı yaş qrupunda dünya çempionatını birgə keçirmək istədiyini bildirməsə də, söhbətin hansı yarışdan getməsini dəqiqləşdirmişik.
Azərbaycan və Özbəkistan 2027-ci ildə 20 yaşadək oğlanlardan ibarət milli komandalar arasında dünya çempionatını təşkil etməyə iddialıdır.