Portuqaliyanın paytaxtı Lissabonda EFC-nin kommersiya, innovasiya və azarkeş əlaqələrinə həsr olunmuş “Commercial, Innovation and Fans Club Connect” tədbiri keçirilib.
Offsideplus.az xəbər verir ki, beynəlxalq platformada Avropanın aparıcı klublarının rəhbərləri və marketinq mütəxəssisləri rəqəmsal transformasiya və azarkeş bağlılığı mövzularında təcrübə mübadiləsi aparıblar. Tədbirdə “Qarabağ” FK-nun İdarə Heyətinin üzvü Asif Əsgərov, marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev də iştirak ediblər.
Asif Əsgərov “Tərəfdar Bağlılığı Yaratmaq - Xallar və İmtiyazlardan Kənar” panelində təqdimatla çıxış edərək klubun mobil tətbiqi, son dövrlərdəki inkişafı və loyallıq proqramları barədə məlumat verib. O, azarkeşlərlə qurulan emosional bağın həm brend dəyərinə, həm də kommersiya gəlirlərinə müsbət təsirini xüsusi vurğulayıb.


