"Real Madrid"in ulduz hücumçusu Kylian Mbappe son günlərdə həm özü, həm də komanda yoldaşı Eduardo Kamavinqa haqqında yayılan "tibbi səhv" və "yanlış diaqnoz" xəbərlərinə son nöqtəni qoyub.
Offsideplus.az xəbər verir ki, fransalı ulduz klub həkimlərinin onun zədəli dizini səhv salması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.
"Səssiz Qaldığım Üçün Şayiələr Yarandı"
Fransa milli komandasının düşərgəsində mətbuat konfransı keçirən Mbappe Madrid klubunun tibbi heyətinin onun sağlam dizini MRT etməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Dizimə yanlış diaqnoz qoyulması ilə bağlı məlumatlar doğru deyil. Bəlkə də bu vəziyyətə görə dolayı yolla mən məsuliyyət daşıyıram, çünki ünsiyyət qurmayanda, açıqlama verməyəndə şayiələrə və yanlış şərhlərə qapı açmış olursunuz."
Ulduz futbolçu hazırda səhhətinin qaydasında olduğunu xüsusi vurğulayıb: "Hər iki dizimdə də özümü yaxşı hiss etdiyim üçün şadam. Formadayam, sağlamam və burada olduğum üçün xoşbəxtəm."
Xatırladaq ki, İspaniya və Fransa mətbuatında yayılan iddialara görə, "Real Madrid"in tibbi heyəti bənzər bir səhvi Eduardo Kamavinqada da təkrar etmişdi. İddia olunurdu ki həkimlər Kamavinqanın da zədəli olan sol topuğu əvəzinə, yanlışlıqla sağ topuğunu MRT skanından keçiriblər.
"Hər şey qaydasındadır" rəyindən sonra o, "Selta Viqo" matçına çağırılıb, lakin matçdan sonra zədəsi ağırlaşdığı üçün həftələrlə yaşıl meydanlardan kənarda qalıb.


