UEFA Nəzarət, Etika və İntizam Komitəsi Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində İngiltərədə keçirilən "Nottingem Forest" – "Fənərbağça" matçında baş verən azarkeş iğtişaşları ilə bağlı rəsmi qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi həm maddi cərimə, həm də azarkeş qadağası ilə üzləşib.
UEFA-nın rəsmi bəyanatına əsasən, "Fənərbağça" klubuna aşağıdakı sanksiyalar tətbiq edilib:
Meydana yandırıcı maddələrin (fişəng və məşəllərin) atılması səbəbindən "Fənərbağça"nın növbəti avrokubok matçında (səfərdə) azarkeşlərinə bilet satışı qadağan edilib.
Cərimələr:
- Məşəllərin yandırılması və meydana atılmasına görə 30,000 avro.
- Stadiona və ətrafdakı qurğulara dəymiş ziyanlara görə əlavə 20,500 avro.
Klub rəhbərliyinə 30 gün vaxt verilib ki, "Nottingem Forest" ilə birbaşa əlaqə saxlasın və xüsusilə səfər sektorunda sındırılan oturacaqların və digər maddi zərərin ödənilməsi üçün razılığa gəlsin.
Qeyd edək ki, fevralın 26-da baş tutan qarşılaşmanın hələ ilk dəqiqələrində "Fənərbağça" azarkeşlərinin olduğu sektordan meydana çoxlu sayda pirotexniki vasitə atılmışdı. Bu səbəbdən oyun bir neçə dəqiqəlik dayandırılmış, oyunçular meydandakı məşəlləri təmizləmək məcburiyyətində qalmışdılar. Hətta İngiltərə polisi hadisə ilə bağlı bir neçə nəfəri həbs etmişdi.
Qeyd edək ki, "Fənərbağça"nın daha əvvəlki matçlardan qalan "sınaq müddəti" (probation) olduğu üçün bu dəfəki qərarın icrası qaçılmaz olub.



