Almaniya futbolunun nəhəngi "Bayern Münhen" transfer bazarında böyük əks-səda doğuracaq bir bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Avropanın digər nəhəngləri olan "Real Madrid" və "Liverpul"a müraciət edərək, ulduz futbolçu Maykl Oliseni transfer etmək üçün "heç bir şanslarının olmadığını" rəsmən bildirib.
Son günlər mətbuatda "Liverpul"un komandadan ayrılacağı gözlənilən Məhəmməd Salahın yerini doldurmaq üçün Olise üçün 200 milyon avroluq rekord təklif hazırladığı iddia edilirdi.
Eyni zamanda, "Real Madrid"in prezidenti Florentino Perezin də fransalı ulduz üçün 165 milyon avro ayırdığı bildirilirdi. Lakin "Bayern" rəhbərliyi bu rəqəmlərin müzakirə mövzusu belə olmadığını vurğulayıb.
Klubun idman direktoru Maks Eberl və rəhbər Yan-Kristian Drezenin mövqeyi çox kəskindir:
Olisenin "Bayern Münhen" ilə 2029-cu ilin yayıma qədər qüvvədə olan müqaviləsi var.
Futbolçunun müqaviləsində hər hansı bir sərbəstqalma bəndi mövcud deyil. Bu isə o deməkdir ki, klub icazə vermədiyi müddətcə heç bir məbləğ transferi reallaşdıra bilməz.
"Bayern" rəhbərliyi Oliseni klubun gələcək layihəsinin mərkəzi fiquru və "toxunulmaz" oyunçusu kimi görür.
Hazırda Maykl Olise mövsümə möhtəşəm start verərək "Bayern"in hücum xəttində liderlik edir və futbolçunun özünün də Münhendə xoşbəxt olduğu bildirilir.



