Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi Dünya Çempionatı ilə bağlı mühüm qərarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, turnirdə iştirak edəcək milli komandaların heyətindəki oyunçu sayı rəsmən müəyyənləşib.

​FİFA-nın son qərarına əsasən, hər bir ölkə final mərhələsinə maksimum 26 futbolçu apara biləcək.

Xatırladaq ki, əvvəlki illərdə bu limit 23 nəfər idi.

Genişləndirilmiş heyət qərarı oyunçuların fiziki yüklənməsini azaltmaq və məşqçilərə daha çox rotasiya imkanı yaratmaq məqsədi daşıyır.

​Milli komandaların baş məşqçiləri üçün zaman daralır. FİFA-nın müəyyən etdiyi qrafikə görə:

​Final siyahıların təqdim edilməsi: Ölkələr 26 nəfərlik yekun heyəti 30 may tarixinədək FİFA-ya bildirməlidirlər.

​Hazırlıq dövrü: Klublar futbolçuları ən geci 25 may tarixinədək (may ayının sonundakı böyük finallar istisna olmaqla) milli komandaların düşərgəsinə buraxmalıdırlar.

​2026-cı il Dünya Çempionatı bir çox ilklərlə yadda qalacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və cəmi 104 oyun keçiriləcək. Oyun sayının artması və Şimali Amerikanın müxtəlif iqlim qurşaqlarında (yüksək temperatur və rütubət) keçiriləcək qarşılaşmalar heyət limitinin 26-ya qaldırılmasını zəruri edib.

​Məşqçilər artıq bu xəbərdən sonra strateji planlarını yeniləməyə başlayıblar. Xüsusilə zədə riski olan ulduz futbolçuların heyətə daxil edilməsi üçün bu "əlavə 3 yer" böyük üstünlük hesab olunur.