Azərbaycan Tennis Federasiyası tərəfindən daha bir beynəlxalq yarış təşkil ediləcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, yerli federasiya və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirləri baş tutacaq.

Bir çox yerli və silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı Tennis Akademiyasında keçiriləcək budəfəki yarışlar 26 noyabr – 11 dekabr 2022-ci il tarixlərində keçiriləcək.

Qeyd edək ki, yüksək reytinq verən bu turnirlər ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq. Bu yarışlarda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan çox sayda qız və oğlan tennisçilərin iştirakı gözlənilir.