"Sabah" futbol klubunun əvəzedicilərdən ibarət komandası Azərbaycan çempionatında böyük hesablı qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, "bayquşlar" bu gün "Səbail-2"nin qapısından 7 qol keçiriblər.

Oyunun taleyi birinci hissədə həll olunub. Fasiləyə qədər "Sabah-2" rəqibin qapısına 5 dəfə yol tapıb. Fərqlənənlər arasında "Sabah"ın əsas heyətinin üzvü, bir müddət öncə əvəzedici komandaya göndərilən Anatoli Nuriyev də olub.

"Səbail" futbolçuları yalnız ikinci hissədə özlərinə gələ biliblər. Bununla belə, ağır məğlubiyyətdən qaçmaq müşkülə çevrilib - 3:7.

Turun digər görüşündə "Kəpəz-2" "Şamaxı-2" ilə 2:2 hesablı "sülh"ə razılaşıb.

Hazırda turnir cədvəlinə 51 xalla "Neftçi-2" başçılıq edir. "Turan Tovuz-2" 46 xalla 2-ci, "Sabah-2" isə 42 xalla 3-cüdür.