"Fənərbağça"nın kapitanı Mert Hakan Yandaş və "Qalatasaray"ın müdafiəçisi Metehan Baltacı uzunmüddətli həbs cəzası ilə üzləşə bilər.
Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki,hər iki futbolçu oyunlara mərc etdikləri üçün cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İttihamlar təsdiqlənərsə, Mert Hakanı 17 ilədək, Metehanı isə 13 ilədək həbs cəzası gözləyir.
İstintaq sənədlərində qeyd olunur ki, Metehan Baltacı 2021-ci ildə "Qalatasaray"ın "Rizespor" və "Göztepe" ilə matçlarına peşəkar statusunu gizlədərək sıravi istifadəçi kimi mərc qoyub. Həmin vaxt o, oyunun iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu ötən il mərc oyunlarına görə 149 hakimi uzaqlaşdırmışdı. Hazırda isə 1000-dən çox futbolçunun bu işdə şübhəli bilindiyi bildirilir.



