"Napoli" klubunun qalmaqallı və rəngarəng prezidenti Aurelio De Laurentis gənc nəslin futbola marağının azalmasından narahatlığını ifadə edərək, idman dünyasında böyük müzakirələrə səbəb olacaq təkliflərlə çıxış edib.
Offsideplus.az xəbər verir ki, o, futbolun daha dinamik və cəlbedici olması üçün köklü dəyişikliklərin vacibliyini vurğulayıb.
Prezidentin irəli sürdüyü "yeni futbol" modelində aşağıdakı bəndlər yer alır:
- Qısaldılmış hissələr: Oyunun tempini artırmaq üçün 45 dəqiqəlik hissələr ləğv edilməli, əvəzində hər hissə 25 dəqiqə olmalıdır.
- Aktyorluğa son: Meydançada simulyasiya edən (rol edən) və ya yalandan yıxılan futbolçulara dözüm göstərilməməli; belə hərəkət edən oyunçu dərhal meydandan qovulmalıdır.
- Vərəqələr ləğv edilir: Sarı və qırmızı kart sistemindən imtina edilməlidir. Bunun əvəzinə qayda pozuntusuna görə 5 və ya 20 dəqiqəlik müvəqqəti cəza (oyun kənarında qalma) tətbiq olunmalıdır.
- Daha çox qol, daha çox zövq: İzləmə keyfini artırmaq üçün qol sayının çoxalması şərtdir. Bunun üçün qaydalarda radikal dəyişikliklərə gedilməsi qaçılmazdır.
De Laurentis gənclərin uzun matçlardan darıxdığını və diqqətlərinin başqa istiqamətlərə yönəldiyini bildirib. Onun fikrincə, futbol bu günü ilə ayaqlaşa bilmir və əgər bu dəyişikliklər edilməsə, idman növü gələcəkdə böyük bir tamaşaçı kütləsini itirəcək.
"Həqiqət budur ki, biz gəncləri itiririk. Onlar artıq 90 dəqiqəlik matçları izləmək istəmirlər. Bizə daha çox qol, daha çox sürət və daha az vaxt itkisi lazımdır."


