“Püşkatma ilə bağlı hər hansısa illüziyalar qurmurduq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının müntəzəm mövsümünün bu gün keçirilən püktatmasının nəticələrini dəyərləndirib. 

O, qabaqcadan rəqibləri güclü və zəiflərə bölmədiklərini bildirib: “B qrupunda yer alan rəqiblərimiz “Alba Berlin” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turniri qazanmağa favorit komandalardan biridir. “Era Nimburk”a gəlincə, bu komanda daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət kollektivdir. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər”.

Kurtinaytis təsnifat mərhələsində yer alan potensial rəqiblər arasında yaxşı komandaların olduğunu vurğulayıb: “Mən Fransa təmsilçisi “Elan Şalon”da oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Bizim rəqabətə davamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasında yarışacaq "Sabah" B qrupunda "Alba Berlin", "Era Nimburk" və 3-cü təsnifat turnirinin qalibi ilə görəşəcək.