Azərbaycanın kişi basketbolçulardan ibarət milli komandası Kosovodan Bakıya qayıtmaqla bağlı problemlə üzləşib.

Bu barədə Offsideplus.az saytına Azərbaycan Basketbol Federasiyasının mətbuat xitmətinin rəhbəri Sənan Əliyev məlumat verib.

Onun sözlərinə görə, dünən Dünya çempionatı-2027-nin seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirilən görüşdən sonra yığmanın vətənə dönməsi üçün əngəl yaranıb. Öncə Priştina - İstanbul, İstanbul - Bakı təyyarə reysi ilə geri qayıtmağı planlaşdıran basketbolçularımız qeyri-sabit hava şəraitinə görə planlarını dəyişiblər.

Güclü qar yağması səbəbindən İstanbulda bir çox uçuşların təxirə salınması barədə məlumat alan milli komandamız Kosovodan avtobusla Serbiyaya yollanıb. Həmyerlilərimiz Belqraddan Ankaraya, daha sonra Türkiyə paytaxtından Bakıya uçmaq istəyirlər.

Qeyd edək ki, yığmamız fevralın 23-də İrlandiyaya qarşı oyuna hazırlıq məqsədilə sabah məşqə çıxmalıdır.