Fransanın "ASVEL" klubu EuroLeague-in 2026/27 mövsümünün dördüncü turunda səfərdə "Paris" üzərində gərgin qələbə qazanıb. Oyun zamanı meydan sahibi azarkeşlər yay transfer pəncərəsində baş verən hadisələrə eyham vuraraq "Where is Sylvain?" yazılı banner açıblar. Bu mesaj, yayda "ASVEL"dən ayrılan və rəsmi matçda debüt etməyən fransalı müdafiəçi Silven Fransiskoya ünvanlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Toni Parker oyundan sonra keçirilən mətbuat konfransında bu hadisəyə münasibət bildirib: "Banneri görmədim. Bu, oyunun bir hissəsidir, amma mənim motivasiyam o banner deyil, əsas məqsədim Fransada basketbolun inkişafıdır. Artıq bu məsələ arxada qalıb. Afinada Silvenlə görüşdüm, 30 dəqiqə söhbət etdik, hər şey qaydasındadır. Ona uğurlar arzulayıram".

Dördqat NBA çempionu olan Parker, "ASVEL" və "Paris" arasında formalaşan yeni rəqabətə də toxunub: "Azarkeşlər məhz belə oyunlar görmək istəyir. Düşünürəm ki, bu axşam onları məyus etmədik".

Qələbə ilə "ASVEL" mövsümdə ikinci uğurunu qazanıb (2-2), "Paris" isə 1-3 göstəricisi ilə dördüncü turu başa vurub. Parkerin komandası növbəti turda "Crvena Zvezda" ilə qarşılaşacaq.