"Denver Naqqets"in gənc forvardı Peyton Uotson ötən mövsüm yaşadığı zədə və bərpa prosesi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, basketbolçu reabilitasiya dövrünün çətin keçdiyini və komandanın ona tam bərpa olunmaq üçün yetərincə vaxt vermədiyini bildirib. Nyu-Yorkda zədələndiyi vaxt "Ən çox irəliləyiş göstərən oyunçu" mükafatına iddialı olduğunu deyən Uotson, bu durumun ona psixoloji cəhətdən də mənfi təsir etdiyini vurğulayıb.

Məşqlərin intensivliyinin tez artırıldığını qeyd edən Uotson, pley-off öncəsi parketə tez qayıtmaq üçün təzyiq hiss etdiyini söyləyib. Nəticədə mövsümün 80-ci matçında - "Yuta Caz"la oyunda zədəsini yeniləyib və MRT müayinəsi 2-ci dərəcəli əzələ dartılmasını təsdiqləyib.

Yanlış bərpa planı səbəbindən pley-offa tam hazır olmadığını bildirən forvard, mövsüm ərzində cəmi 54 matçda iştirak edib. O, "Denver Naqqets"in pley-offda "Minnesota Timbervulvs"a 2:4 hesabı ilə uduzduğu seriyanı kənardan izləməli olub.