Türkiyə basketbolunun tanınmış simalarından, "Fənərbağça"nın sabiq oyunçusu, məşqçisi və idarəçisi Güner Yalçıner 88 yaşında dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Basketbol Federasiyası rəsmi açıqlama yayıb. Federasiya mərhumun ailəsinə, yaxınlarına və basketbol ictimaiyyətinə başsağlığı verib.
G. Yalçıner 1958-ci ildə "Fənərbağça"nın əsas komandasına yüksəlib və 1971-ci ildə kapitan kimi karyerasını başa vurana qədər fasiləsiz olaraq klubun formasını geyinib. O, bu müddətdə iki dəfə - 1959 və 1965-ci illərdə Türkiyə çempionluğunu, 1967-ci ildə isə klubun tarixində ilk dəfə Türkiyə kubokunu qazanıb. Yalçıner həmçinin Türkiyə millisinin heyətində 16 oyunda iştirak edib, o cümlədən 1959-cu ildə İstanbulda keçirilən Avropa çempionatında çıxış edib.
Karyerasını bitirdikdən sonra Yalçıner "Fənərbağça"nın baş məşqçisi, daha sonra isə klubun basketbol şöbəsinin koordinatoru və Türkiyə Basketbol Federasiyasının Texniki Komitəsinin üzvü kimi fəaliyyət göstərib.


