Şey Qilces-Aleksandrın 32 xal qazandığı matçda "Oklahoma Siti Tander" doğma meydanda "San Antonio Spörs" klubunu 127:114 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bununla da son NBA çempionu Qərb konfransının final seriyasında 3:2 hesabı ilə önə keçərək NBA finalına yüksəlməyə bir addım da yaxınlaşıb.

Seriyada hesabı 2:2 edən San Antonio Spurs bu dəfə sönük oyun nümayiş etdirib. Komandanın ulduzu Viktor Vembanyama uğursuz oyun keçirərək meydandan cəmi 20 xal və 6 ribaundla ayrılıb. Digər aparıcı oyunçu Devin Vassell isə cəmi 6 xalla yadda qalıb.

Seriyanın növbəti – altıncı oyunu cümə axşamı San Antonioda keçiriləcək. "Oklahoma Siti Tander" qalib gələcəyi təqdirdə finala vəsiqəni təmin edəcək.