"Quba"nın pley-in mərhələsində "Şəki"yə ikinci matçda da məğlub olaraq bu mövsüm ABL-də çıxışını dayandırıb.
Offsideplus.az xəbər verir ki, cavab görüşündən sonra "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamalar verib:
"Bizim üçün çempionat sanki "Naxçıvan"la oyunda bitmişdi. O görüşdə qalib gəlsəydik, hər şey başqa cür olardı. "Şəki" yaxşı komandadır, 7 legionerə qarşı oynamaq olduqca çətindir. Basketbolçularıma və ABL-i təşkil edən hər kəsə təşəkkür edirəm. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışsaq da, uğurlu nəticə qazanmaq qismət olmadı. İstəyirdik ki, səkkizliyə düşək, amma reallıq budur. Boyumuzdan hündürə tullana bilmədik.
Mövsümün gedişindəki oyunçu çatışmazlığı və rotasiya edə bilməməyimiz nəticələrə təsir etdi. Başda Zaur Paşayev olmaqla, bütün basketbolçularıma minnətdaram. Veteran basketbolçumuz gözəl mövsüm keçirdi və cavan nəslə örnək oldu. Təəssüf ki, artıq mövsüm bizim üçün başa çatdı".


