Harri Keyn Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid"lə keçiriləcək ilk oyun öncəsi "Bayern Münhen"in bazar ertəsi baş tutan məşqində iştirak edib.
Offsideplus.az xəbər verir ki, o ,topuğundakı zədədən bərpa olunan hücumçu komanda yoldaşları ilə birlikdə hazırlıqlara qatılıb.
Martın sonunda İngiltərə millisinin düşərgəsində zədələnən ulduz futbolçu bu səbəbdən ötən çərşənbə axşamı "Uembli"də Yaponiyaya qarşı keçirilən yoldaşlıq görüşünü (0:2) buraxmalı olmuşdu. Baş məşqçi Tomas Tuxel 32 yaşlı hücumçunun zədəsinin "ciddi olmadığını" bildirmişdi.
Keyn şənbə günü Münhen təmsilçisinin Bundesliqada "Frayburq" üzərində qazandığı qələbənin (3:2) də iştirakçısı olmayıb. Lakin bazar ertəsi mətbuat üçün açıq olan 15 dəqiqəlik məşq sessiyasında onun yaxşı əhval-ruhiyyədə olduğu müşahidə edilib.
Qeyd edək ki, "Real Madrid" - "Bayern Münhen" oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


