"Öncə rəqibi təbrik edirəm. Azarkeşlərə, möhtəşəm atmosfer yaradan insanlara təşəkkür etmək istəyirəm. Əfsuslar olsun ki, evdə - ilk oyunda məğlub olduq. Bu futboldur. Planlarımızı həyata keçirə bilmədik".
Offsideplus.az xəbər verir ki, bu fikirlər "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasa məxsusdur.
Litvalı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsində "Çelye"yə məğlubiyyətin (2:3) səbəblərini açıqlayıb: "Çox yaxşı rəqibə qarşı oynadıq. "Çelye" haqqında məlumatımız az idi. Onlar yalnız 1 yoxlama oyunu keçirmişdilər. Bilirdik ki, məşqçiləri ötən mövsümlə eynidir, deməli, oyun üslubu da eyni qalıb. Hər iki komanda çox yaxşı hazırlaşmışdı. "Çelye"nin orta xətdən gələrək oyunu cinahlarda quracağını bilirdik. Bunun qarşısını almağa çalışırdıq. Rəqib pressinqdə çox yaxşıdır. Müdafiə xəttini çox irəlidə qururlar. Onların müdafiəsinin arxasına sızmağa çalışdıq. Təəssüf ki, son ötürmələrdə çox da dəqiq deyildik. Fürsətlərimiz çox olsa da, amma yararlana bilmədik. Fasilədən sonra təlim-məşq toplanışdakı yorğunluq özünü göstərdi. Son dəqiqələrdə buraxdığımız qol üzücü oldu. Qarşılaşmanın qırılma nöqtəsini son qolda görürəm".
V.Dambrauskas nikbinliyini itirməyib: "Biz müharibəni yox, sadəcə, döyüşü uduzduq. Turu keçmək üçün oyunçularımın kifayət qədər istedadı var. Sizə zəmanət verirəm ki, mərhələni adlamaq üçün Sloveniyada əlimizdən gələni əsirgəməyəcəyik. Düzdür "Çelye" ilk oyunda qalib gəldi. Bəzən ilk matçda qələbə kifayət etmir. Buraxdığımız hər 3 qolda səhlərimiz var. Bunlardan dərs çıxarmalıyıq. Səfərdə bizə asan olmayacaq. Oyun planımıza sadiq qalaraq ikinci görüşə hazırlaşacağıq".



