Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun Vorskla ilə ev oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, Qurbanov əvvəlcə oyun barədə ümumi fikirlərini bölüşüb:

“Sabah vacib oyuna çıxırıq. Hər iki komandanın xalı yoxdur.  Ona görə də hər iki tərəf matça ciddi hazırlaşıb. Düşünürəm ki, hamımız üçün maraqlı görüş olacaq”.


- Səbail-ə texniki məğlubiyyətdən sonra komandada psixolij durum nə yerdədir?

- Hər şey qaydasındadır. Tam fərqli turnirə hazırlaşırıq. Psixoloji vəziyyət normaldır.

- Vorskla digər komandalarla müqayisədə dişimizə uyğun rəqibdir. Bu məqam hər hansı təzyiq və ya psixoloji yüklənmə yaradırmı?

- Başa düşürük ki, ciddi qrupda mübarizə aparırıq. Komandada böyük məsuliyyət var və bu, bizə kömək ola bilər. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

- Donald Gerye Səbail-ə qarşı oynadı, sabah da meydana çıxa biləcəkmi?

- Ümumi durumu yaxşıdır, zədəsi tam sağalıb. Amma hazırlıqla bağlı problemi var.

- Hannes Halldorsson sabah “18-lik”də olacaqmı?

- Bu, sabah dəqiqləşəcək.

- Qarabağ qol vurmaqda çətinlik çəkir. Bu problemi Vorskla ilə oyunda aradan qaldırmaq olacaqmı?

- Hələ onlarla oynamamışıq, amma qol vurmaq üçün yollar axtaracağıq. Problem təkcə hücum xətti ilə bağlı olsaydı, daha asan olardı. Sabah qol vurmağa çalışacağıq.

- Oyuna azarkeşlərin az gəlməsi gözlənilir. Buradan onlara nəsə demək istərdinizmi?

- Məncə, nəsə deməyə ehtiyac yoxdur. Onlar hər zaman bizimlə olublar. İnanıram ki, sabah sayları çox olacaq və bizə dəstək verəcəklər.

- Hər iki komandanın 0 xalı var, amma Vorskla həm Arsenal, həm də Sporting-in qapısına yol tapa bilib. Bununla bağlı hansı tədbir görmüsünüz?

- Bilirik ki, qol vurmağı bacaran komandadır. Müdafiədə diqqətli, hücumda isə fəal olmalıyıq ki, istədiyimiz nəticəni qazanaq. İstənilən halda oyuna hazırıq.