Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun Vorskla ilə ev oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Qurbanov əvvəlcə oyun barədə ümumi fikirlərini bölüşüb:
- Səbail-ə texniki məğlubiyyətdən sonra komandada psixolij durum nə yerdədir?
- Hər şey qaydasındadır. Tam fərqli turnirə hazırlaşırıq. Psixoloji vəziyyət normaldır.
- Vorskla digər komandalarla müqayisədə dişimizə uyğun rəqibdir. Bu məqam hər hansı təzyiq və ya psixoloji yüklənmə yaradırmı?
- Başa düşürük ki, ciddi qrupda mübarizə aparırıq. Komandada böyük məsuliyyət var və bu, bizə kömək ola bilər. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.
- Donald Gerye Səbail-ə qarşı oynadı, sabah da meydana çıxa biləcəkmi?
- Ümumi durumu yaxşıdır, zədəsi tam sağalıb. Amma hazırlıqla bağlı problemi var.
- Hannes Halldorsson sabah “18-lik”də olacaqmı?
- Bu, sabah dəqiqləşəcək.
- Qarabağ qol vurmaqda çətinlik çəkir. Bu problemi Vorskla ilə oyunda aradan qaldırmaq olacaqmı?
- Hələ onlarla oynamamışıq, amma qol vurmaq üçün yollar axtaracağıq. Problem təkcə hücum xətti ilə bağlı olsaydı, daha asan olardı. Sabah qol vurmağa çalışacağıq.
- Oyuna azarkeşlərin az gəlməsi gözlənilir. Buradan onlara nəsə demək istərdinizmi?
- Məncə, nəsə deməyə ehtiyac yoxdur. Onlar hər zaman bizimlə olublar. İnanıram ki, sabah sayları çox olacaq və bizə dəstək verəcəklər.
- Hər iki komandanın 0 xalı var, amma Vorskla həm Arsenal, həm də Sporting-in qapısına yol tapa bilib. Bununla bağlı hansı tədbir görmüsünüz?
- Bilirik ki, qol vurmağı bacaran komandadır. Müdafiədə diqqətli, hücumda isə fəal olmalıyıq ki, istədiyimiz nəticəni qazanaq. İstənilən halda oyuna hazırıq.